Ukraynaya qırıcı təyyarələrin mümkün tədarükü məsələsi hazırda Avropa İttifaqının gündəliyində deyil.
Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə jurnalistlərlə görüşündə deyib. "Europa Press" agentliyinin məlumatına görə, o, qırıcı təyyarələr məsələsinin ittifaqa üzv ölkələr arasında fikir ayrılığına səbəb olduğunu etiraf edib.
Brüsselin Rusiyaya qarşı yeni sanksiya paketinə münasibət bildirən siyasətçi Avropa İttifaqı ölkələrinin Qərblə Rusiya arasında bütün texnoloji əlaqələrin kəsilməsinə yönələn məhdudiyyətləri nəzərdən keçirdiyini vurğulayıb.
Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya "F-16" qırıcı təyyarələrini göndərməyəcəyini deyib. Ertəsi gün Polşa müdafiə nazirinin müavini Voyçex Skurkeviç Amerika qırıcılarının Kiyevə tədarükünün rəsmi səviyyədə müzakirə olunmadığını vurğulayıb. Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts da Kiyevə hərbi təyyarələr vermək niyyətində olmadıqlarını elan ediblər.