Xəzər Xəbər

Avropa İttifaqı meşələrin qırılmasına şərait yaradan malların idxalını qadağan edəcək

Dünya | 16:30 • 6 Dekabr 2022
Avropa İttifaqı meşələrin qırılmasına şərait yaradan malların idxalını qadağan edəcək

Avropa Parlamenti və Avropa İttifaqının (Aİ) üzvü olan dövlətlər meşələrin qırılmasına şərait yaradan kakao, qəhvə və soya kimi məhsulların idxalını qadağan etmək barədə razılığa gəliblər. Bu qərar Braziliyaya da şamil edilə bilər.

Avropa Parlamentinin bəyanatında bu qərar palma yağı, oduncaq, mal əti və kauçuka, həmçinin dəri, şokolad, mebel, çap kağızı, oduncaq kömürü kimi materiallara aid edilir.

Əgər bu məhsullar 2020-ci ilin dekabrından sonra meşələrin qırıldığı regionlardan daxil olursa, meşəyə vurulmuş ziyan nəzərə alınmaqla həmin məhsulların idxalı qadağan ediləcək.

İdxalatçı şirkətlər tədarük zəncirinə görə məsuliyyət daşıyacaq və məhsulun geolokasiyası barədə məlumatların köməyi ilə izlənmələrini təsdiq etməli olacaqlar. Bu məlumatlar peyklərlə çəkilmiş fotoşəkillərlə bağlı ola bilər.

“World Wide Fund for Nature” qeyri-hökumət təşkilatının məlumatına görə, tropik meşələrin məhv edilməsində Çindən sonra ikinci yeri tutan Avropa İttifaqı meşələrin qırılmasının 16 faizinə görə məsuliyyət daşıyır.

Bu qərar məhv olmaq təhlükəsi altında olan meşə ekosistemlərinə, məsələn Avropa İttifaqına soya idxalının bir hissəsinin mənbəyi olan Serrado (Braziliya/Paraqvay/Boliviya) savannasına da şamil ediləcək. (AZƏRTAC)

Xəbər lenti