Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xankişiyev Heydər Əli oğlu şəhid övladıdır.
Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.
O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır.
Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub.
Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, ANAMA-nın yaydığı məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Bildirilib ki, ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Xezerxeber.az-ın əldə etdiyi digər məlumata görə, Heydər Xankişiyev əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonra isə Bakıdakı özəl klinikalardan birinə təxliyə olunub.