Hyuston Universitetinin psixologiya üzrə dosenti Ceremi Borjon və onun tədqiqat qrupunun apardığı araşdırma körpələrin nitq inkişafı ilə ürək döyüntülərinin ritmik dəyişiklikləri arasında birbaşa əlaqəni ortaya çıxarıb. Bu tapıntılar dilin inkişafı və nitq pozuntularının erkən mərhələlərdə müəyyən edilməsi üçün yeni perspektivlər təqdim edir.
Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Məlum olub ki, körpələrin nitqyaratma cəhdləri, yəni onların ilk şirin səsləri və səsçıxarma cəhdləri ürək döyüntülərinin ritmik dəyişmələri ilə sinxron şəkildə baş verir. Borjon və komandası, 18-27 aylıq 34 körpəni müşahidə edərək onların ürək döyüntüləri və yaydığı səslər arasındakı əlaqəni analiz edib. Tədqiqat nəticəsində körpələrin ürək döyüntülərinin ritmik dəyişiklikləri ilə səs çıxarma müddəti və səsin tanınan nitqə çevrilmə ehtimalı arasında ciddi uyğunluq aşkar olunub. C.İ.Borjon qeyd edir ki, ürək döyüntüsünün yerli zirvəyə və ya aşağı nöqtəyə çatdığı zaman körpələrin səsçıxarma ehtimalı daha yüksəkdir: “Zirvə dövründə çıxarılan səslər daha uzunmüddətli, ürək döyüntüsü yavaşladığı zaman çıxarılan səslər isə sadəlövh dinləyicilər tərəfindən nitqə daha çox bənzər olaraq qəbul edilib”.
Araşdırmada ürək döyüntüsünün və tənəffüsün idarəsində mühüm rol oynayan avtonom sinir sisteminin inkişafı ilə körpələrin nitq bacarıqları arasındakı əlaqə vurğulanıb. Həyatın ilk illərində ürək və ağciyərlərin fəaliyyətindəki dəyişikliklərin nitq və ünsiyyət bacarıqlarına təsir etdiyi aşkarlanıb.
C.Borjon bildirib ki, vegetativ sinir sisteminin nitq inkişafına təsirini araşdırmaq, atipik dil inkişafı üçün risk faktorlarını daha yaxşı başa düşmək üçün yeni tədqiqat yolları açır.
Bu tapıntılar, nitq pozuntularının erkən diaqnostikasında və körpələrin dil inkişafının dəstəklənməsi üçün yeni yanaşmaların inkişafında mühüm rol oynaya bilər. Körpənin beynində və bədənində nitqə hazırlığı təmin edən funksiyaların koordinasiyası, onun ürək döyüntüsündəki ritmik dəyişikliklərlə bağlıdır və bu əlaqənin daha dərindən araşdırılması gələcəkdə mühüm elmi nəticələr verə bilər. (AZƏRTAC)