Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunur.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə 480 namizəd dəvət edilib.
Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub-anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumilikdə 60 sual təqdim edilir. Hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.