Son vaxtlar paytaxt Bakının mərkəzi küçələrində, şəhərətrafı qəsəbələrində, parklarda sahibsiz itlərin sayının xeyli artdığının şahidi oluruq. Sözsüz ki, onlar insan həyatı üçün real təhlükə yaradır. Çünki bu cür itlər quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Həmçinin tez-tez sahibsiz itlərin ətrafdakı insanlara hücum etməsini müşahidə edirik. Bu da insanların, xüsusən də məktəb yaşlı övladı olan valideynlərin narahatlığına səbəb olur.
Xezerxeber.az xəbər verir ki, sahibsiz itlərin sürü ilə gəzdiyi ərazilərdən biri də Abşeron rayonu, Xırdalan şəhəridir.
Oktyabrın 30-u tarixində Xırdalan şəhəri, Mədəniyyət evinin yaxınlığında 20-yə yaxın sahibsiz itin sürü halında gəzdiyinin şahidi olduq.
Düzdür, son illər sahibsiz itlərin peyvəndlənməsi, qısırlaşdırılması, sığınacaqlara toplanması prosesi həyata keçirilir, amma görünən odur ki, bu küçə heyvanları sürü halında hələ də küçələrdə gəzməkdədirlər.
Şəhərin bir neçə sakini ilə söhbətimizdən də aydın oldu ki, onlar mövcud durumdan olduqca narahatdırlar.
Sakinlər küçələrdə sərbəst şəkildə gəzişən sahibsiz itləri xüsusən məktəbə gedən övladlarının həyatı üçün potensial təhlükə hesab etdiklərini deyiblər.
Ona görə də şəhər sakinləri müvafiq qurumların mövcud vəziyyətlə bağlı təcili tədbir görməsini istəyirlər.
Atif