Keyfiyyətsiz yuxu beynin sürətlə qocalmasına səbəb ola bilər.
Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ-da yeni bir araşdırma aparılıb.
“Neurology” jurnalında dərc olunan tədqiqatda pis bir gecə yuxusunun uzunmüddətli olaraq beyin yaşına təsir edə biləcəyi qeyd olunub. Tədqiqatçılar 15 il ərzində yaş ortalaması 40 olan 600-ə yaxın insanı müşahidə ediblər. İştirakçılardan yuxu vərdişləri ilə bağlı “Adətən yuxuya getməkdə çətinlik çəkirsinizmi?”, “Gecələr bir neçə dəfə oyanırsınızmı?” və “Çox tez oyanırsınızmı?” kimi suallar soruşulub. Beş il sonra iştirakçılar qeyri-sağlam yuxunun altı əsas xüsusiyyətini müəyyənləşdirmək üçün ikinci bir sorğunu keçiriblər. Qeyri-sağlam yuxunun xüsusiyyətləri arasında yuxu keyfiyyətinin aşağı olması, gündüz vaxtı yuxulama, yuxuya getməkdə çətinlik, tez-tez oyanma, səhər tezdən oyanma və yuxu müddətinin qısa olması yer alırdı. Bu vərdişlərə əsasən iştirakçılar üç qrupa bölünüb: aşağı qrup (bir və ya heç bir qeyri-sağlam yuxu vərdişi olanlar), orta qrup (iki və ya üç xüsusiyyəti olanlar), yüksək qrup (dörd və ya daha çox xüsusiyyəti olanlar).
Tədqiqatın on ilində iştirakçıların beyin yaşını müəyyənləşdirmək üçün maqnit rezonans görüntüləmə (MRT) və digər cihazlardan istifadə olunub. Nəticələr göstərib ki, yüksək qrupdakı insanların beyin yaşı aşağı qrupdakılardan ortalama 2,6 yaş böyükdür. Orta qrupdakılarda isə beyin yaşı aşağı qrupdakılardan 1,6 yaş böyükdür.
Kaliforniya Universitetindən tədqiqatın müəlliflərindən biri olan professor dr. Kristine Yaffe açıqlamasında bildirib ki, ardıcıl yuxu cədvəli saxlamaq, idman etmək, yatmazdan əvvəl kofein və spirtdən uzaq durmaq, istirahət üsullarından istifadə etmək beyin sağlamlığını qorumaq üçün vacib addımlardır. Tədqiqatçılar, qeyri-sağlam yuxunun beyin yaşlanmasını sürətləndirdiyini sübut etmədiklərini, lakin bu iki faktor arasında əhəmiyyətli əlaqənin mövcud olduğunu vurğulayıblar.
Araşdırmalara görə, az və ya həddindən artıq yatan şəxslərdə diabet, ürək-damar xəstəlikləri, koroner ürək xəstəliyi və insult kimi ciddi xəstəliklərə tutulma riski daha yüksəkdir.