Araşdırmalara görə, oğlanlarda kəkələməyə qızlara nisbətən dörd dəfə daha çox rast gəlinir.
Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı türkiyəli nitq və dil terapevti Çağıl Özyılmaz məlumat verib.
Özyılmaz bildirib ki, kəkələmə erkən uşaqlıq dövründə başlayır: “Əsasən bu hal 2-4 yaşlarında olan uşaqlarda baş verir. Kəkələmədə yaranan kəsilmələri - səslərin, hecaların və ya təkhecalı sözlərin təkrarı, səslərin uzadılması, pauza şəklində olması, əlavə olaraq sözlərin dəyişdirilməsi, göz qırpma, ayaq döymə, baş hərəkətləri müşahidə edilə bilər. Kəkələmənin şiddəti və təsir səviyyəsi insandan insana dəyişir. Səbəbi tam bilinməsə də, kəkələmə genetik faktorlardan təsirlənir və çoxölçülü etiologiyaya malikdir. Narahatlıq, qorxu və travma kimi psixoloji proseslər kəkələmənin yeganə səbəbi deyil. Kəkələmə təkcə nitq pozğunluğu deyil, həm də ünsiyyət pozğunluğudur”.
Terapevt bildirib ki, araşdırmalara görə, kəkələmənin 80 faizi erkən yaşlarda meydana gəlir: “Uşaqlıqda bu vəziyyət öz-özünə keçə bilər, amma keçmirsə, deməli xronikidir. Kəkələmənin xroniki hala keçməsi üçün bəzi risk faktorları mövcuddur. Bu risk faktorlarına 3,5 yaşından sonra kəkələmənin başlaması, ailə üzvlərində kəkələmənin olması, kəkələmə ilə müşayiət olunan digər dil və nitq pozğunluqlarının olması, kəkələmənin bir ildən çox davam etməsi və zaman keçdikcə daha da şiddətli hala gəlməsi və s. kimi vəziyyətlər daxildir. Kəkələmənin xroniki hala keçməyə başladığını göstərən amillərə heca təkrarlarından sonra uzanma və buna bənzər yavaşlamaların baş verməsi aiddir. Kəkələmə zamanı müəyyən mənfi davranışla sərgilənir, nəticədə insanda öz nitqi ilə bağlı mənfi hisslər və düşüncələr formalaşmağa başlayır. Kəkələmə təkcə nitq pozğunluğu deyil, həm də ünsiyyət pozğunluğudur”.
“Kəkələyən insan həmyaşıdları ilə münasibətlərdə çətinlik çəkə, həyat tərzi keyfiyyəti aşağı düşə, özünəinam problemi yaşaya bilər. Bu səbəbdən də ailələr narahatlıq, qorxu və vəziyyəti idarə etməkdə çətinlik çəkir. Müalicələr kəkələməni azaltmaq, insanın bunu idarə etməsinə yardımçı olmaq məqsədi daşıyır. Həmçinin mənfi hiss və düşüncələri dəyişdirərək insanları kəkələməyə qarşı laqeydləşdirmək məqsədi daşıyır”, - deyə Çağıl Özyılmaz əlavə edib.