Xəzər Xəbər

Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər

Cəmiyyət | 09:24 • 19 Oktyabr 2024
Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər

Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər.

“İndependent” nəşri yazır ki, mütəxəssislər ürək sağlamlığına görə, masa arxasında işləyən insanlara gün ərzində hərəkət etmələrini tövsiyə edir.

Son illərdə ayaq üstə işləməyə imkan verən, tənzimlənən masaların problemi həll etdiyi iddia olunur. Lakin Avstraliyanın Sidney Universitetinin alimlərinin yeni araşdırmasına görə, bu cür işləmək ürək xəstəlikləri riskini azaltmır və digər sağlamlıq problemlərini də doğura bilər.

“Beynəlxalq Epidemiologiya” jurnalında dərc edilən araşdırmada Birləşmiş Krallıq vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən İngiltərə Biobankında qeydiyyatdan keçmiş 83 min insanın məlumatları araşdırılıb. Heç birində ürək problemi olmayan iştirakçılar gündəlik hərəkətlərini biləklərində ölçən ağıllı saat kimi cihazlar taxıblar. Alimlərin sözlərinə görə, gün ərzində iki saatdan çox ayaqda durmaq dərin damar trombozu riskini artıra bilər ki, bu da ayaqlarda varikoza və ya qan laxtalarının yığılmasına gətirib çıxara bilir. Məlum olub ki, iki saatdan sonra ayaqda qalan hər 30 dəqiqədə qan dövranı sistemi xəstəliklərinə tutulma riski 0,11 faiz artıb.

Tədqiqatçılar ayaq üstə işləməyin ürək sağlamlığına fayda vermədiyini də müşahidə ediblər. Məqalənin aparıcı müəllifi doktor Metyu Əhmədinin fikrincə, burada əsas nəticə ondan ibarətdir ki, çox uzun müddət ayaq üstə durmaq oturaq həyat tərzini kompensasiya etməyəcək və bəzi insanların qan dövranı sağlamlığına təhlükə yarada bilər: “Biz daha çox ayaqda durmağın uzun müddət ərzində ürək-damar sağlamlığını yaxşılaşdırmadığını və qan dövranı problemləri riskini artırdığını aşkar etdik”.

Alimlər diqqətə çatdırıblar ki, çox oturan insanlar hərəkət edərək yarana biləcək sağlamlıq problemlərinin qarşısını ala bilərlər.

Araşdırmanın müəlliflərindən olan professor Emmanuel Stamatakis ürək xəstəliyi riskini azaltmaq istəyənlərə müəyyən tövsiyələr verir: “Müntəzəm fasilələr vermək, gəzmək, yığıncağa getmək, pilləkənlərlə qalxıb-enmək, uzun məsafələrlə yol getmək, masadan uzaqlaşıb bir az hərəkət etmək üçün nahar vaxtından istifadə etmək və s.”

M.Əhmədi və E.Stamatakisin iştirak etdiyi başqa bir araşdırma, gündə 11 saat oturaraq keçirən insanların təxminən 6 dəqiqə intensiv və ya 30 dəqiqə orta intensivlikdə idman etməklə ürək xəstəliyi riskini azalda biləcəyini göstərib.

Xəbər lenti