Yaşıllıqlara dəymiş ziyana görə ödənişlərin Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilməsi üçün hüquqi əsas müəyyən edilir.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd edilib ki, mövcud qanunvericilikdə yaşıllıqların məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarından asılı olaraq təqsirkar şəxslər inzibati və cinayət məsuliyyəti daşımaqla bərabər, həmdə onların üzərində dəymiş ziyanın ödənilməsi vəzifəsi qoyularaq mülki məsuliyyətə cəlb edilirlər.
Yaşıllıqların mühafizəsi haqqında Qanunun 19.3-cü maddəsinə əsasən, yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir.
Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.
Qeyd edilən normaya əsasən, təcrübədə yaşıllıqlara dəymiş ziyan “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”na ödənilsə də “Ətraf Mühitin Mühafizəsi haqqında Qanun”da bu hal nəzərdə tutulmayıb.
Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxilolmaların hüquqi əsası Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun 27-ci maddəsinin 3-cü hissəsində qeyd edildiyindən Qanunun sözügedən normasına dəyişiklik edilməsi zərurəti yaranıb.