Xəzər Xəbər

Taksi dayanacaqlarının təşkili üçün layihə hazırlanıb

Cəmiyyət | 16:00 • 26 Sentyabr 2024
Taksi dayanacaqlarının təşkili üçün layihə hazırlanıb

Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda məsələyə kompleks yanaşma tətbiq edir.

AYNA-dan Xezerxeber.az-a verilən məlumata görə, nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün dayanacaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq. 

Xəbər lenti

Çox oxunanlar