Xəzər Xəbər

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Cəmiyyət | 13:28 • 26 Sentyabr 2024
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Xezerxeber.az bildirir ki, bu barədə DİM-dən məlumat verilib. 

Bildirilib ki, peşə tanınması üzrə növbəti imtahan 6 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahan saat 13:00-da başlanır. Saat 12:45-dən sonra gələn iştirakçılar imtahana buraxılmırlar. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq İmtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi".

Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.

Xəbər lenti

Çox oxunanlar