Xəzər Xəbər

Göz rəngi dəyişikliyi şəxsiyyət vəsiqəsi üçün problem yaradacaq?

Cəmiyyət | 17:02 • 25 Sentyabr 2024
Göz rəngi dəyişikliyi şəxsiyyət vəsiqəsi üçün problem yaradacaq?

Son zamanlar cəmiyyətdə göz rənginin əməliyyat yolu ilə dəyişdirilməsi mövzusu geniş müzakirələrə səbəb olub.

Bəzi vətəndaşlar bu dəyişikliyin şəxsiyyət vəsiqəsi alarkən problem yarada biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Adi halda şəxsiyyət vəsiqəsi alanda gözümüzdəki eynəyi və ya linzanı çıxarmaq tələb olunur, bəs göz rəngini dəyişmək şəxsiyyət vəsiqəsi almağa problem yarada bilərmi və ya göz rəngi dəyişəndən sonra mövcud vəsiqəmizi dəyişməliyikmi?" - deyə vətəndaş sual edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında vəsiqəni dəyişməyə ehtiyac olmadığını diqqətə çatdırıb.

"Biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır", - deyə E.İbrahimov bildirib.

Qeyd edək ki, müasir tibb elminin inkişafı sayəsində artıq göz rəngini dəyişdirmək mümkündür. Lazer texnologiyalarından istifadə etməklə həyata keçirilən bu əməliyyatlar son illərdə daha geniş yayılmağa başlayıb. Əsasən gözəllik və estetik məqsədlərlə edilən bu cərrahi müdaxilələr zamanı gözün təbii rəngi dəyişdirilir və vətəndaşın istədiyi rəng əldə edilir.

Mütəxəssislər bu əməliyyatların müəyyən riskləri və ciddi tibbi nəzarət altında aparılmalı olduğunu vurğulayırlar. (Oxu.az)

Xəbər lenti

Çox oxunanlar