Xəzər Xəbər

Hər il dövlət proqramı çərçivəsində 30-a yaxın böyrək transplantasiyası əməliyyatları icra edilir

Cəmiyyət | 14:04 • 23 Sentyabr 2024
Hər il dövlət proqramı çərçivəsində 30-a yaxın böyrək transplantasiyası əməliyyatları icra edilir

Sümük iliyi transplantasiyasının həyata keçirildiyi 10 il ərzində ölkəmizdə hər il 20-30 sümük iliyi transplantasiyası əməliyyatları icra olunur. Bundan əlavə, hər il dövlət proqramı çərçivəsində 30-a yaxın böyrək transplantasiyası əməliyyatları icra edilir

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda bildirib.

Y.Abbasova qeyd edib ki, sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi layihəsi çərçivəsində 2023-cü ilin iyul ayında 25 Azərbaycan vətəndaşı Türkiyəyə sümük iliyi transplantasiyası üçün göndərilib və əməliyyatlar uğurla icra olunub:
"Bundan əlavə, 2023-cü ilin avqustun 4-də 150 böyrək, 100 qaraciyər və 20 sümük iliyi transplantasiyası əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə daxil edilib. 2022-ci ilin dekabrın 4-dən - bizim mərkəzin fəaliyyətə başladığı dövrdən etibarən Nazirlər Kabinetinin tətbiq etdiyi hüquq sənədlərlə 22 böyrək transplantasiyası əməliyyatı icra olunub", - deyə Y.Abbasova vurğulayıb.
Y.Abbasova həmçinin çıxışında donor olmaq istəyənlərə çağırış edib. Onun sözlərinə görə, elə etmək lazımdır ki, vəfat edəndən sonra donor olmaq istəyənlərin sayı artsın: “Bununla da canlı donoru olmayan Azərbaycan vətəndaşlarını sağalda bilək. Belə olarsa, həmin xəstələr gözləmə sırasında dünyasını dəyişməyəcəklər. Eyni zamanda, qan verən donorlar mərkəzdəki müvafiq formanı doldursunlar və müayinə olunandan sonra donorluq siyahısına daxil olsunlar. Bu zaman biz nəinki öz vətəndaşlarımıza, hətta dünyada sümük iliyi transplantasiyası gözləyən və lakin canlı donoru olmayan insanlara da kömək etmiş olarıq”, - deyə Y.Abbasova tövsiyə edib.

Xəbər lenti