Xəzər Xəbər

Xəzər dənizinin səviyyə tərəddüdləri iqlim dəyişmələrinin təsiri ilə bağlıdır AÇIQLAMA

Cəmiyyət | 13:05 • 21 Sentyabr 2024
Xəzər dənizinin səviyyə tərəddüdləri iqlim dəyişmələrinin təsiri ilə bağlıdır

“BMT-nin qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən sentyabrın sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur. Ölkəmizdə də növbəti həftə Xəzər həftəsi kimi qeyd ediləcək. Həmin günün məqsədi Xəzər dənizinin ekoloji problemlərini geniş ictimaiyyətin diqqətinə çatdırmaq, eyni zamanda, Xəzər dənizinin səviyyə tərəddüdlərinin qarşısını almaq üçün həll yollarının araşdırılmasıdır”.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.

Xəzər dənizində səviyyə tərəddüdlərinin 2011-ci ildən başlayaraq müşahidə olunduğunu deyən rəis müavini fikirlərinə belə davam edib: “Xəzər dənizinin bioresursları və təbii sərvətləri region ölkələri və onların əhalisi üçün maraqlı olub. Odur ki, dəniz üzərində müşahidələr davamlı olaraq aparılır. Ümumiyyətlə, 1837-ci ildən etibarən Xəzər dənizi üzərində müşahidələr aparılmaqdadır. Hazırda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan akvatoriyasında hidrometeoroloji şəbəkə mövcuddur. Həmin şəbəkə 8 meteotoloji stansiyadan ibarətdir. Stansiyalardan 4-ü tam avtomatlaşdırılıb. Dəniz suyunun səviyyəsi, suyun duzluluğu, eyni zamanda, meteotoloji parametrlərlə bağlı davamlı müşahidələr aparılır. Məlumatlar Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə yaradılmış Xəzəryanı ölkələrin iştirak etdiyi koordinasiya komitəsində davamlı olaraq mübadilə edilir və məlumatlar araşdırılır. Bu da ölkəmizdə hidrometeorologiya sahəsinin inkişafına bir töhfədir.

Son illərdə Xəzər dənizinin səviyyə tərəddüdləri birbaşa iqlim dəyişmələrinin təsiri ilə bağlıdır. Bunun qarşısını qlobal səviyyədə iqlim dəyişikliklərinin təsirlərinin azaldılması ilə almaq olar. Belə ki, istilik effekti yaradan qaz emissiyalarının qlobal səviyyədə miqdarının azaldılması Xəzər dənizinin səviyyə tərəddüdlərinin qarşısının alınmasına öz töhfəsini verəcək. Bu baxımdan, Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı məsələlərin beynəlxalq və regional səviyyədə həlli daha önəmlidir və bu istiqamətdə işlər davam etdirilir”.

 

Xəbər lenti