Sentyabrın 17-də yerli vaxtla saat 15:37 radələrində Lökbatan palçıq vulkanının növbəti püskürməsi qeydə alınıb. Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları - aparıcı elmi işçi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və həmin şöbənin mühəndisi Elmar Səmədov ərazidə tədqiqat işləri aparıblar.
Xezerxeber.az bildirir ki, bu barədə dosent Orxan Abbasov məlumat verib.
O bildirib ki, bu, dünyanın ən aktiv palçıq vulkanı hesab olunan Lökbatan palçıq vulkanının 28-ci püskürməsidir. Orxan Abbasovun sözlərinə görə, budəfəki pükürmə zəif püskürmə kimi qiymətləndirilib, vulkan püskürməsinin dərinliyi 3 kilometr olub. İki eroktiv mərkəzdən püskürmə baş verib, Qərbdəki püskürmə daha zəifdir, alovlanma qeydə alınmayıb. Palçıq vulkanının tullantı məhsulları təxminən 10 metrə yaxın hündürlüyə qalxıb.