Bakıda tıxac problemi yeni tədris ili başlayan kimi özünü daha açıq büruzə verməyə başladı. Tıxacların səbəbləri çox müxtəlifdir.
Artan avtomobil sayı, bəzi yerlərdə yol infrastrukturunun çatışmazlığı, dar yollar nəticəsində yolların yükü də artır. Bu, tıxacların yaranmasına səbəb olur.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, tıxacdan çıxış yolu ictimai nəqliyyatın inkişafıdır.
"Hazırda Bakı şəhərinə 2600 avtobus lazımdır. Lakin xətdə 2200 avtobus var. Bu da çox böyük fərq deməkdir.
İctimai nəqliyyatın inkişafı dedikdə yalnız avtobus zolaqlarını nəzərdə tutmamalıyıq. Metrostansiyaların sayı artırılmalıdır. Stansiyaların tikintisi sürətləndirilməlidir. Daha sonra velosiped zolaqları, skuterlər üçün şərait yaradılmasıdır", - o bildirib.
Nəqliyyat məsələləri üzrə ekspert Nicat Əliyev bildirib ki, Bakıda tıxac problemini azaltmaq üçün müxtəlif tədbirlər görülür, məsələn, yeni yolların tikilməsi, park yerlərinin artırılması, ictimai nəqliyyatın inkişaf etdirilməsi və s.
"Lakin bu məsələ hələ də şəhərin inkişafında önəmli bir problem olaraq qalır. İctimai nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni marşrutların əlavə edilməsi, avtobusların və metro qatarlarının sayının artırılması ictimai nəqliyyatı daha cəlbedici və əlverişli edə bilər. Şəhərin mərkəzində park yerlərinin artırılması, avtomobillərin qeyri-qanuni park edilməsinin qarşısını almaq üçün daha sərt qaydalar və cəzalar tətbiq edilməsi, həmçinin, parketmə sisteminin yaxşılaşdırılması tıxacları azalda bilər.
Paytaxtda yeni yolların tikilməsi, mövcud yolların genişləndirilməsi, və ya daha effektiv yol işarələrinin və trafik idarəetmə sistemlərinin tətbiqi tıxacların qarşısını almağa kömək edə bilər.
Bəzi sürücülər avtomobillərini düzgün park etmirlər, bu da tıxaca səbəb olan səbəblərdəndir. Lakin son dövrlər paytaxtda təşkil edilən park yerləri üçün ödəmə sistemlərinin optimallaşdırılması sürücülərin parketmə davranışını dəyişdirə bilər.
Bu tədbirlərin tətbiqi bir neçə mərhələdə və koordinasiyalı şəkildə həyata keçirilməlidir ki, maksimal nəticə əldə edilsin", - o deyib. (trend)