Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər.
Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, Günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.
Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.
Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. Sentyabrın 10-da baş verən tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək.
Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.