Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq. Qarabağ Universitetində tədris isə sentyabrın 23-də başlayacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Tədris sentyabrın 23-dən etibarən başlayacaq: "Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq. Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik. Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər".