Qan şəkərinin səviyyəsi ilə səsin diapazonu arasında əlaqə tapılıb. İnsanın sadəcə səsindən şəkər xəstəsi olub-olmadığını müəyyənləşdirmək mümkün ola bilər.
Xezerxeber.az-ın məlumatına görə, AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, diabetdə insulin ya az miqdarda istehsal olunur, ya da ümumiyyətlə, istehsal olunmur. Bu vəziyyət qan şəkəri səviyyələrində disbalansa səbəb olsa da, erkən diaqnoz ciddi problemlərin yaranmasının qarşısını almaq üçün böyük əhəmiyyət daşıyır.
Alimlər səs tellərinin gərginliyinin, kütləsinin və uzunluğunun qandakı qlükoza səviyyəsindən təsirləndiyini düşünərək səsin qan şəkəri səviyyəsi haqqında fikir yürüdə biləcəyini proqnozlaşdırıblar. Bu nəzəriyyəni sınaqdan keçirmək istəyən tədqiqatçılar 505 nəfər arasında sınaq aparıblar. İştirakçılardan 242-si diabet xəstəsi olmayan, 89-da prediabet, yəni latent diabet, 174-də isə 2-ci tip diabet olub. Onlar davamlı olaraq qan şəkərinin səviyyəsini ölçən cihazla təchiz ediliblər. Daha sonra iki həftə ərzində gündə 6 dəfə sakit bir mühitdə səsləri yazılıb. Söhbət zamanı səsin təbii tezliyini tutmaq üçün iştirakçılar hər dəfə sual-cavab ediliblər. İki həftədən sonra alimlər səs yazılarını ən son qeydə alınan qlükoza səviyyələri ilə uyğunlaşdıraraq təhlil ediblər.
Elmi araşdırma jurnalında öz nəticələrini dərc edən tədqiqatçılar qan şəkərinin səviyyəsinin artması ilə səsin əsas tezliyinin artdığını aşkarlayıblar. Əsas tezlik və ya F0 səsin ən fərqli komponentidir və eşidilən səsin diapazonunun ən hündür nöqtəsini təşkil edir.
Məqalənin aparıcı müəllifi Jaycee Kaufman nəticələri belə qiymətləndirir: “Tədqiqatımız qlükoza səviyyələri ilə əsas tezlik arasında əhəmiyyətli müsbət korrelyasiya qurur və qlükoza səviyyələrini proqnozlaşdırmaq və izləmək üçün səsin istifadəsi ilə bağlı gələcək tədqiqatlara əsas yaradır”.
Alimlər diqqətə çatdırıblar ki, səsin yüksəkliyinə görə qan şəkərinin səviyyəsini ölçmək də mövcud üsullardan fərqli olaraq bədənə nüfuz etməyi tələb etmir. Digər tərəfdən, səsin əhvali-ruhiyyə və allergiya kimi müxtəlif amillərdən təsirləndiyini də vurğulayıblar. Buna görə də 2-ci tip diabetin diaqnozunda bu metoddan istifadə etmək üçün daha çox araşdırmaya ehtiyac var.