Xəzər Xəbər

Stomatoloq: Diş itirilməsinin səbəbinin 70 faizi parodont xəstəliklərlə əlaqəlidir

Cəmiyyət | 11:52 • 1 İyul 2024
Stomatoloq: Diş itirilməsinin səbəbinin 70 faizi parodont xəstəliklərlə əlaqəlidir

“Sərin içki və soyuq qidaların qəbulu zamanı ağız boşluğunda termiki qıcıqlar yaranır. Termiki qıcıqlardan sonra isə ağız boşluğunda, diş ətində və dişlərdə müəyyən narahatlıqlar, həmçinin diş ətinin qızarması, şişməsi və qıcıqlanması müşahidə olunur”.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin həkim-stomatoloqu Əliheydər Kazımov deyib.

Həkim-stomatoloq termiki qıcıqların yaranma səbəblərindən danışıb: “Termiki qıcıqlar yay aylarında əksər hallarda soyuq-isti maddələrin qarışığından baş verir. Bu isə, dişlərin sinirlərində ciddi problemlərə yol açır. Bununla yanaşı, damaqlarda problemlər meydana gəlir. Dəfələrlə təkrarlandıqda isə xroniki hala çevrilir və ağız boşluğunda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Yay aylarında sərin içkilərin qəbulu parodont kimi stomatoloji xəstəliyin yaranmasına səbəb ola bilər. Parodont toxumalarına diş əti, diş, periodont, diş kökü sementi və alveol sümüyü aiddir. Parodont toxumaları vahid sistem təşkil edir. Bu sistem dişlərin sümükdə möhkəmliyini təmin edir və çeynəmə təzyiqini nizamlayır. Parodont xəstəlikləri diş əti və dişi yuvasında saxlayan toxumaların iltihabi xəstəlikləridir. Bu xəstəliklər diş əti iltihabı ilə başlayır. Vaxtında müalicə edilməzsə, parodontitə qədər irəliləyərək, diş əti və dişləri dəstəkləyən alveol sümüyündə geridönməz proseslər meydana gətirə bilirlər. Bununla da, dişlərin laxlaması və nəticədə itirilməsi baş verir. Diş itirilməsinin 70 faiz səbəbi parodont xəstəliklərlə əlaqəlidir. Bu xəstəliklərə erkən dövrdə diaqnoz qoyulduqda və düzgün müalicə tədbirləri seçildikdə, asan və effektiv şəkildə müalicə oluna bilir”.

Ə.Kazımov diş əti iltihabı - gingivit barədə də məlumat verib: “Gingivit dişlərin ətrafındakı yumşaq toxumaların iltihabıdır və diş ətində qızartı, şişmə və qanama ilə özünü göstərir. Gingivit ən çox dişlər kifayət qədər təmizlənmədikdə yaranır. Eyni zamanda, diş daşları olduğu zaman insanın diş ətində gingivit olur. Diş əti iltihabının səbəbləri arasında ağız gigiyenasının pozulması, tütünçəkmə, hormonal dəyişikliklər, genetik meyl, stres, zəif qidalanma, immunitet sistemi problemləri ola bilər. Gingivit vaxtında müalicə olunmazsa, daha ciddi diş əti xəstəlikləri və ya hətta diş itkisi ilə nəticələnir”.

Onun sözlərinə görə, iltihabi prosesi dayandırmaq üçün onun yaranmasının əsas səbəbini - yumşaq və sərt diş ərpinin aradan qaldırmaq lazımdır. Adi diş fırçası ilə diş üzərindəki yığılan ərp və daşlar çıxarıla bilməz. Buna görə də, diş daşlarının təmizlənməsi üçün mütəmadi şəkildə stomatoloqa müraciət etmək tövsiyə olunur. Bundan əlavə, diş ətlərinin sağlam qalması üçün gündəlik fırçalama, diş ipi, diş həkimi tərəfindən mütəmadi müayinələr və siqaretdən imtina kimi profilaktik tədbirlər görülməlidir.

Diş əti iltihabı müalicə olunmazsa, daha ciddi diş əti xəstəliklərinə və ya hətta diş itkisinə səbəb ola bilər. Elmi araşdırmalar gingivitin ürək xəstəliyi, diabet və digər sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərilib. Nəticədə diş əti iltihabı ciddi bir problemdir və mütəmadi olaraq diş həkimi ilə məsləhətləşmək və ağız gigiyenasına riayət etmək vacibdir.

“Gingivit hamilə qadınlara da zərər verə bilər. Yəni bu zaman aşağı çəkisi olan və ya erkən doğuşla dünyaya gələn körpələrdə yaranma riski var. Bu səbəbdən hamilə qadınların diş sağlamlığına diqqət yetirməsi və mütəmadi olaraq diş həkiminə müraciət etməsi vacibdir. Sonda qeyd etmək istəyirəm ki, ağız boşluğunun və dişlərin sağlamlığı ümumi sağlamlığın bir hissəsidir və həyat keyfiyyətinin vacib komponenti kimi qəbul edilir. Buna görə də, sağlamlığınız üçün mütəmadi olaraq diş həkiminə müraciət etmək, siqaret çəkməmək və sağlam qidalanma kimi qaydalara riayət etmək vacibdir”, - deyə Ə.Kazımov əlavə edib.

Xəbər lenti