Xəzər Xəbər

Bəzi vətəndaşlara dəfn müavinətləri verilə bilər

Cəmiyyət | 11:03 • 22 May 2024
Bəzi vətəndaşlara dəfn müavinətləri verilə bilər

Bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilir.

Xezerxeber.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev çıxış edib.

O bildirib ki, Azərbaycan dövləti vətəndaş doğulandan dünyasını dəyişənə qədər onu himayə edir, qayğı göstərir. Onun sözlərinə görə, pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Musa Quliyevin hesablamasına görə, təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinəti verilsin.

Bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcəyini xatırladan Musa Quliyev bu məsələnin gündəmdə qalmağının zəruri olduğunu vurğulayıb. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bu təklifi dəstəkləyib və əlavə edib ki, bəzi kateqoriyadan olan şəxslərə dəfn müavinətlərinin verilməsi üçün Maliyyə Nazirliyi ilə müzakirələr aparılacaq. 

O xatırladıb ki, bu gün pensiyaçılar, işləyən və digər şəxslərə dəfn müavinəti nazirlik tərəfindən verilir: “Yalnız işləməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə bu vəsaiti nazirliyimiz ödəmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə, əlbəttə, biz bunu sürətli şəkildə təmin edə biləcəyik”.

Xəbər lenti