Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəhərdə mövcud problemlərin böyük əksəriyyəti qayda pozuntularından qaynaqlanır: “Qarşıdakı dövrdə müəyyən bəzi tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Yaxın günlərdə bu tələblər qəbul ediləcək”.
Rəhman Hümmətov deyib ki, ölkədə tıxac və digər nəqliyyat infrastrukturu üzrə problemlərin həlli üçün diaqnostika aparılıb. Bunun üçün beynəlxalq mütəxəssislər də dəvət edilib.
Nazir müavininin sözlərinə görə, artıq keçən ildən problemin həlli üçün addımlar atılmağa başlanılıb: “Biz nə qədər çox yol yaradırıqsa, ölkəyə daha çox avtomobil cəlb olunur”.