Azərbaycanda havanın çirklənməsinin 80 %-i avtomobillərin payına düşür.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə komitə sədri Tahir Mirkişili bildirib.
Deputat bildirib ki, 2023-cü ildə ölkəyə 96 min avtomobil idxal edilib və bunun üçün xaricə 1,7 milyard ABŞ dolları vəsait ödənilib. 2022-ci ilə nisbətən say 28,7 % artıb. Ötən il ölkədə 5 200 avtomobil yığılıb: "Nəqliyyat problemlərinin başqa bir xüsusiyyəti ondan ibarətdir ki, demək olar ki, hər kəsin problemin həlli ilə bağlı öz fikri var. İnsanlar tıxacları, yolların keyfiyyətini, parkinq yerlərinin azlığını, ictimai nəqliyyatın keyfiyyətsizliyini əsas problem hesab edirlər. Onların həlli yolları kimi çox adam yolların genişləndirilməsini, nəqliyyatın hərəkətsizliyini təmin edən magistralların tikintisini və çoxlu sayda parkinq yerlərinin yaradılmasını görür. Çoxları hesab edir ki, problemlərə səbəb də son 15-20 ildə şəhərsalma qaydalarının pozulmasıdır".