Xəzər Xəbər

Gürcüstanda yeniyetmələrin üçdəbiri qumar oynayır

Cəmiyyət | 13:13 • 10 Mart 2024
Gürcüstanda yeniyetmələrin üçdəbiri qumar oynayır

Gürcüstanda yeniyetmələrin üçdəbiri qumar oynayır və ölkənin hər üçüncü vətəndaşının oyunlar üçün hesabı var.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanda yeniyetmələr və gənclər arasında qumar asılılığı ilə bağlı aparılan araşdırmada deyilir.

Bildirilir ki, ölkədə müxtəlif onlayn qumar platformalarında Gürcüstan vətəndaşlarına məxsus 1 milyondan çox hesab qeydiyyatdan keçib və demək olar hər üçüncü vətəndaşın hesabı var.

Hesabatın nəticələri yeniyetmələrin qumara çox cəlb olunması problemini ortaya qoyur. Məlumata görə, yeniyetmələrin 31 faizinin oyun təcrübəsi var.

Gürcüstan hökuməti yeniyetmələr arasında qumar oyunlarının artmasının qarşısını almaq məqsədilə yeni məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Vurğulanır ki, 2024-cü il iyulun 1-dən Gürcüstanda qumar oyunlarına daha sərt məhdudiyyətlər tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, yaşı 25-dən az olan Gürcüstan vətəndaşları və 18 yaşınadək əcnəbi vətəndaşlar, habelə qumar oyunlarında iştirakı qadağan edilən şəxslər onlayn rejimdə oyunlar oynaya bilməyəcəklər.

Bu cür şəxslərin onlayn qumar oynamalarına icazə verənlər 10 min lari məbləğində cərimə olunacaq. Bu hal təkrarlanarsa, cərimənin miqdarı 20 min lari olacaq.

Bundan əlavə, 2024-cü il iyulun 1-dən internet kafelər də onlayn qumar oyunlarının təşkilinə görə cərimələnəcək. Bu cür hərəkətə görə cərimə 15 min lari, təkrar pozuntu isə 30 min lari məbləğində olacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar