Xəzər Xəbər

Sığortaolunanların pensiya kapitallarının idarə olunmasında yenilik edilir

DSMF bu istiqamətdə iş aparır
Cəmiyyət | 16:30 • 6 Mart 2024
Sığortaolunanların pensiya kapitallarının idarə olunmasında yenilik edilir

Sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalının idarə olunmasında yenilik ediləcək.  

Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırda bu istiqamətdə müvafiq iş aparılır.  

Yeniliyə əsasən, sığortaolunanların topladıqları pensiya kapitalı “istifadə olunan”“istifadə ediləcək” hissələrə ayrılacaq.  

“İstifadə olunan” pensiya kapitalı hazırda əmək pensiyasına yönəldilən və hər il orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksasiya olunan pensiyalara aiddir.   
Pensiya kapitalının “istifadə ediləcək” hissəsi isə hər il istehlak qiyməti indeksinə uyğun indeksasiya olunan, başqa sözlə, artırılan məbləğə aiddir.  
Məlumdur ki, 2024-cü il yanvarın 1-dən bütün növ əmək pensiyaları 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilərək artırıldı.  
Eyni zamanda, paralel olaraq, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları isə 8,8 faiz indeksləşdirilərək artırıldı. 
Yəni bu, ikihissəli prosesdir. Bir tərəfdən hazırda əmək pensiyası alan şəxslərin pensiyasının məbləği indeksasiya edilərək artırılır. Digər tərəfdən, vaxtında işləmiş, yaxud hazırda işləyən və pensiya kapitalı olan, amma pensiyaya çıxmayan şəxslərin pensiya kapitalı indeksasiya edilir. Hazırda hər iki kateqoriyaya aid şəxslərin pensiya kapitalı ümumi sistemdə toplanır və müvafiq olaraq indeksasiya prosesi aparılır. Yaxın gələcəkdə isə hazırda əmək pensiyası alan şəxslərin pensiyasının indeksasiya prosesi ayrı, pensiyaya çıxmayan şəxslərin kapitalları isə ayrıca sistemlə indeksasiya olunacaq, yəni artırılacaq.

Beləliklə, proses iki sistem, yaxud iki mexanizm üzrə həyata keçiriləcək.

Atif Sarıxanlı

Xəbər lenti