Karonavirusun beyin sağlamlığına bir çox cəhətdən təsir edə biləcəyinə dair xeyli sayda sübutlar var. COVID-19 infeksiyası baş ağrıları, yuxu problemləri, iflic, həmçinin bəzi psixi sağlamlıq pozğunluqları da daxil olmaqla, bir sıra problemlərə səbəb olur. Tədqiqatçılar yoluxmuş şəxslərin yaddaşında və icra tapşırıqlarını həyata keçirməsində xeyli çatışmazlıqlar olduğunu aşkar ediblər.
AZƏRTAC “The conversation” saytına istinadla xəbər verir ki, alimlər COVID-19 infeksiyasına yoluxub xəstəliyi yüngül keçirənlərin IQ səviyyəsində (intellekt səviyyəsi) üç ballıq geriləmə müşahidə ediblər. Virusu nisbətən ağır keçirənlərdə və davamlı nəfəs darlığı olan insanların IQ səviyyəsində altı ballıq itki müşahidə edilib. Karonavirusu ağır keçirərək reanimasiyaya düşən insanlarda isə vəziyyət daha ağır olub. Belə ki, onların IQ səviyyəsində doqquz ballıq itki qeydə alınıb.
Ümumiyyətlə, insanların ortalama IQ səviyyəsi təxminən 100 balla qiymətləndirilir. 130 baldan yuxarı bal yüksək istedadın, 70 baldan aşağı isə əhəmiyyətli sosial dəstək tələb edən əqli qüsur səviyyəsini göstərir.
ABŞ da keçirilən sosioloji sorğunun nəticələrinə görə, COVID-19 xəstəliyinə yoluxan 18-44 yaş arası insanların əksəriyyəti beyinlə bağlı sağlıq problemlərindən əziyyət çəkir.
Avropa İttifaqının məlumatları da oxşar tendensiyanı göstərir. Belə ki, 2022-ci ildə Aİ-də insanların 15 faizində yaddaş və konsentrasiya problemlərinin artdığı müşahidə edilib.