Xəzər Xəbər

Son 5 ildə əcnəbi vətəndaşlarla nikaha daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb ÖZƏL

Cəmiyyət | 15:31 • 29 Fevral 2024
Son 5 ildə əcnəbi vətəndaşlarla nikaha daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Son 5 ildə xarici ölkə vətəndaşları ilə nikaha daxil olan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ədliyyə Nazirliyi Xezerxeber.az-ın sorğusuna cavab olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması ilə bağlı bəzi statistikanı təqdim edib.

Məlum olub ki, 2019-2023-cü illərdə qeydiyyat orqanlarında 9579 nəfər Azərbaycan Respublikasının vətəndaşının xarici ölkə vətəndaşları ilə nikahı qeydə alınıb.

2024-cü ilin yanvar ayı ərzində isə 184 Azərbaycan Respublikasının vətəndaşı əcnəbi ilə nikaha daxil olub.

Ədliyyə Nazirliyi xarici vətəndaşla nikaha daxil olmaq istəyən şəxsin hüquqi olaraq nələrə diqqət etməli olduğuna da münasibət bildirib.

Cavab verilib ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, həmin Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Ailə Məcəlləsinin 12-ci maddəsində göstərilən hallarda (nikahın bağlanmasına mane olan hallar) nikah bağlana bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.4-cü bəndinə görə isə Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olmaq istədikdə müqabil tərəf şəxsiyyətini təsdiq edən sənədlərində ailə vəziyyəti barədə qeyd olmadıqda vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş və müəyyən olunmuş qaydada leqallaşdırılmış arayış təqdim etməlidir.

Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikahını rəsmiləşdirmək istədikdə isə ondan həmin ölkənin qanunvericiliyi ilə nəzərdə tutulmuş sənədlər tələb olunur.

Bununla yanaşı qeyd edilir ki, Ailə Məcəlləsinin 148.1-ci maddəsinə əsasən ölkə hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, həmin Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Xezerxeber.az-ın “Bu illər ərzində neçə nəfərin nikahının pozulması halları qeydə alınıb” sualına isə Ədliyyə Nazirliyindən cavab təqdim olunmayıb.

Atif Sarıxanlı

Xəbər lenti

Çox oxunanlar