Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Xezerxeber.az-a bildirilib ki, Günəş fəallığı artıb. Hazırda Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupunda 144 ləkə müşahidə olunur.
Fevralın 12-dən 18-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyi sürətinin fevralın 08 və 10-da baş vermiş TKA-nın təsiri ilə artacağı proqnozlaşdırılır.
TKA təsiri ilə fevralın 12-dən 14-dək geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.