Vaxtilə Azərbaycan universitetlərində hərbi kafedralar fəaliyyət göstərirdi. Həmin kafedraların tədrisi sayəsində ali məktəb tələbələri ilkin hərbi biliklərə yiyələnirdilər. Sonradan hərbi kafedralar bağlandı.
Hərbi kafedraların bərpası ilə bağlı məsələ yenidən gündəm olub.
Onların yenidən bərpasına ehtiyac varmı?
Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, hərbi kafedraların əvvəldən ləğv edilməsi düzgün addım olmayıb: "Mən düşünürəm ki, əvvəldən bu kafedraların ləğv edilməsi düzgün qərar deyildi. Vətən müharibəsində qələbə, bu gün baş verən hadisələr, gördüyümüz, həyata keçirdiyimiz işlər də göstərir ki, belə kafedraların olması önəmlidir. O dövrdə bu cür kafedraların olması zəurətdən irəli gəlmişdi. Sovet hökuməti bu zərurəti nəzərə alaraq, universitetlərdə hərbi kafedraları açmışdı".
Deputat hərbi kafedraların yenidən açılmasının ancaq faydalı ola biləcəyini düşünür: "Hesab edirəm ki, belə kafedraların olmasına ehtiyac var. Hərbi kafedraların açılması ancaq ümumi məqsəd və hədəflərə töhfə verə bilər. Bu kafedraların açılmasına, qorunmasına və fəaliyyət göstərməsinə çalışmalıyıq ki, qarşımıza qoyduğumuz məqsəd və hədəfələrə nail olaq, gənclərimizi hərbi ruhda böyüməyə yönləndirə bilək. Bu, vətənpərvərlik, hərbiyə hazırlıq, hərbi inkişaf baxımından xüsusi önəm daşıyan məsələdir".
Təhsil eksperti Kamran Əsədov bildirib ki, ali təhsilli şəxslərə hərbi dərslər, hərbi bilik və bacarıqlar aşılanmalıdır: "Bir məqamı qeyd edim ki, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə həftədə 2 saat olmaqla il boyu 68 saat “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur.
Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və Qarabağ müharibəsi başa çatıb.
Amma ali təhsilli şəxslərə hərbi dərslər, hərbi bilik və bacarıqlar aşılanmalıdır. Çünki biz işğalçı dövlətlə qonşuluqda yaşayırıq, buna görə də hər kəs ilkin hərbi bilik və bacarıqlara sahib olmalıdır.
Hərbi hazırlıq məsələsi vətənpərvərlik məfhumunu bizə dönə-dönə xatırlatmalıdır. 44-günlük müharibədə qalib gəlmişik, lakin hərbi hazırlıq o deməkdir ki, hər an təhlükə ola bilər. Həmin vaxt isə biz hazır olmalıyıq. Bu hazırlıq ilk növbədə müdafiə xarakteri daşımalıdır. Mən hesab edirəm ki, sovet dönəmində keçirilən professional hərbi hazırlıq dərsinə mövcud ideologiya əsasında yanaşırdılar.
Bizim müstəqil dövlətimiz qalib dövlət olsa da, təhlükə hələ də sovuşmayıb və davam etməkdədir. Bu, bizdən asılı olan məsələ deyil. Ona görə də hərbi hazırlıq dərslərimiz vətənpərvərlik məfhumu ilə uzlaşmalıdır".
K.Əsədov da düşünür ki, hərbi kafedralar bərpa edilməlidir:
"Bu məsələ Elm və Təhsil Nazirliyində geniş müzakirə edilməlidir. Hərbi kafedralar yenidən bərpa olunmalıdır. Ali məktəblərdə həmin kafedralar ləğv edilib və hərbi avadanlıqlar da mövcud deyil. Hərbi fənn hazırda məktəblərdə sırf dərs xatirinə keçirilir, lakin bu metod dəyişməlidir. Xüsusən də müharibədən qalib çıxmış, öz ərazi bütövlüyünü təmin etmiş və sakit yaşayan bir ölkə üçün bu son dərəcədə vacib məsələdir. Hər an sınaqla qarşılaşa bilərik və dövlətimizə hücumlar ola bilər. Dünyada təhlükə artdıqca, bizim kimi gənc ölkələr üçün daha da pis vəziyyət yaranır.
Hərbi dərslər peşəkar və vətənpərvərlik ruhu verilərək keçirilməli və hərbi kafedralar bərpa olunmalıdır".
Hərbi ekspert Elxan Şıxaliyev hərbi kafedraların üstünlüyünü belə izah edib: "Hərbi kafedraların üstünlüyü ondan ibarət idi ki, kişilər avtomatik olaraq leytnant rütbəsi alır və ehtiyat zabit olurdular. Bundan sonra xidmətə, təlimlərə cəlb olunur, sonrakı mərhələdə 1 il 6 ay Silahlı Qüvvələrdə xidmətə çağırıla bilirdilər. Hətta bu şəxslər daimi heyətdə qalıb xidmətini 20-25 il davam etdirə bilirdilər. Hərbi kafedraların bərpasının faydalı ola biləcəyini düşünürəm. Bizim həm birinci, həm də ikinci Qarabağ müharibəsində kifayət qədər təcübəsi olan zabit heyətimiz olub. Mayor, polkovnik, general rütbəsi daşımış indi ehtiyatda və istefada olan zabtlər bu vəzifələrdə faydalı ola bilərlər. Bununla da ehtiyat bazası yaranmış olar. Gələcəkdə lazım olarsa, Silahlı Qüvvələrə həmin ehtiyatda olan şəxslər çağırıla bilərlər. Bu zaman taqım komandiri kimi müxtəlif vəzifələrə təyin olunub, xidmətə davam edə bilərlər".
E.Şıxaliyev hərbi kafedraların bir neçə universitetlərdə bərpasının mümkün olduğunu deyib: "Amma bu kafedraları texniki institutların nəzdində yaratmaq olar. Hərbi kafedraların Azərbaycanın 3-4 universitetində bərpası mümkündür. Kütləvi şəkildə bunun təhsil müəssisələrində məqsədəuyğun olduğunu düşünmürəm. Ona görə də təbii olaraq irəli götürəcək nə varsa və bu praktikada varsa, ziyanlı olacağını yox, faydalı olacağını düşünürəm".