Xəzər Xəbər

Sarıkök piylərin əridilməsi üçün ən yaxşı vasitələrdən biridir

Cəmiyyət | 16:08 • 22 Yanvar 2024
Sarıkök piylərin əridilməsi üçün ən yaxşı vasitələrdən biridir

Orqanizm üçün faydalı, ürəyə və beyinə çox xeyirli olan ədviyyatlar çoxdur. Onlardan biri də sarıkökdür. Soyuqdəymə, revmatizm, tənəffüs yolları, oynaq ağrıları və digər xəstəliklərdə sarıkökdən geniş istifadə olunur.

Həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Sarıkök çox yaxşı qan durulaşdırıcı təsirə malik olduğuna görə qanın qatı olması zamanı, ürək damarlarının tutulmaları, varikoz damar xəstəliklərində və bir sıra digər xəstəliklərdə istifadə edilir. Bu məqsədlə 1 çay qaşığı sarıkök tozu 1 stəkan suda qarışdırılır, gündə üç dəfə içilir. Təzyiq aşağı olanda bir çay qaşığı da bal əlavə edilir.

Sarıkök həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Köp problemi olanlar da onu qida rasionuna daxil edə bilərlər. Hərəsindən 300 qram sarıkök və zəyərək toz halına salınır və həmin qarışıq gündə üç dəfə yeməkdən qabaq 1 çay qaşığı qəbul edilir, üstündən 1 stəkan su içilir. Həmin qarışıqdan mədə-bağırsaq eroziyalarında, qastrit və kolitlərdə də istifadə etmək olar. Sarıkökün tozu ilə quyruq əzməsini qarışdırıb iflic olmuş nahiyələri masaj etmək çox effektiv nəticə verir”.

Ədviyyatın tərkibindəki kurkuma antioksidant xassəyə malikdir və buna görə də orqanizmdə sərbəst radikalların çoxalmasının qarşısını alır.

“Sarıkök xolesterinin bütün sələflərini və özünü aşağı salmaq gücünə malikdir, beyin üçün çox sağlam qidalandıcı təsiri var. Yaddaşsızlıqdan əziyyət çəkənlər sarıkök qəbul edəndən sonra əhəmiyyətli dərəcədə irəliləyiş əldə edirlər. Hətta Altsheymer xəstəliyinin başlanğıc mərhələsində sarıkökdən istifadə edilməsi xəstəliyin artmamasına səbəb olur”,- deyə həkim-fitoterapevt bildirib.

Həkim-endokrinoloq Günel Nuruşövanın dediyinə görə, sarıkökün antiiltihabi xüsusiyyəti olduğuna görə müxtəlif iltihabı xəstəliklərdə, xüsusilə revmatik xəstəliklərdə böyük rolu var: “Sarıkök özü bir antiseptikdır. Ev şəraitində sarıkökdən çivzələr, sızanaqların yox edilməsi, hətta pullu dəmrov zamanı istifadə etmək olar. Onun qəbul edilməsi yaraların sağalmasına səbəb olur”.

Həkim-kosmetoloq Vüsalə Əhmədova deyib: “1 stəkan qatığa 1 çay qaşığı sarıkök əlavə edilərək yeməkarası və ya axşam yatmazdan əvvəl qəbul olunması qarın piylərinin əridilməsində çox faydalı təsirə malikdir”.

Sarıkök bitkisinin enerji dəyəri olduqca aşağı olduğuna görə yağ və piylərin əridilməsi üçün mükəmməl vasitədir. (AZƏRTAC)

Xəbər lenti