Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.
FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlum olduğu kimi, ölkə ərazisində kəskin qarlı hava şəraiti müşahidə olunur, yollar buz bağlayıb.
FHN əhaliyə təkrar müraciət edərək, mövcud hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:
“Evdən çıxarkən, buzlu yolda piyada təhlükəsiz hərəkət etmək üçün ayaqqabılar sürüşməyə qarşı hazırlanmalıdır. Bu məqsədlə ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırmaq, altlığı qum və ya sumbata kağızı ilə sürtmək lazımdır. Buz bağlamış yerlərdə ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur. Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.
Şaxtalı və çovğunlu havada, xüsusilə dağlıq ərazilərdə mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi tövsiyə edirik. Həmçinin, nabələd məkanlara yaxınlaşmamaq və belə bir hərəkət marşrutu seçməmək, xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etmək, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.