Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayacaq.
BŞTİ-dən Xezerxeber.az-a bildirilib ki, 2023-cü ildə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanmış (35 və daha çox bal toplayan) namizədlərin müsahibə mərhələsinə yanvarın 15-dən start veriləcək.
Test imtahan mərhələsində uğur qazanan və 2023-cü il dekabrın 12-dək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğunluğu barədə qərar veriləcək. Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək.
Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apellyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.