Ötən il Azərbaycanda əhali kateqoriyası üzrə qaz istifadəsi limitini keçməyən, yəni 12 qəpik tarifi ilə istifadə edən abonentlərin sayı 1 milyon 199 min 375 olub ki, bu da ümumi abonentlərin 47,1 faizini təşkil edir.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev “Açıq qapı” aksiyasında bildirib.
O qeyd edib ki, 998 min 946 abonent (ümumi abonentlərin 39,3 faizi) 20 qəpik tarifi ilə, 346 min 557 abonent (ümumi abonentlərin 13,6 faizi) 25 qəpik tarifi ilə qazdan istifadə edib.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə diqqətə çatdırıb ki, 2022-ci ildə limiti keçməyən abonentlərin sayı təxminən 46 faiz təşkil etmişdi.
E.Vəliyev, həmçinin hər ilin əvvəlində aktuallığa çevrilən limitlərin yenilənməsi məsələsinə toxunub. Şöbə rəisi üç mərhələli limitlərin tətbiqindən bir ildən artıq vaxtın keçməsinə baxmayaraq, hələ də bəzi abonentlərin bundan xəbərsiz olduğunu və hesablama zamanı səhvlərə yol verdiyini vurğulayıb: “Sonradan ödənişli (mexaniki tipli) sayğaclarda proses 365 gün nəzərə alınaraq həyata keçirilir. Bu baxımdan da həmin sayğaclardan istifadə edən abonentlərin heç bir narahatlığına səbəb yoxdur”.