Son günlər əhali arasında öskürək, halsızlıq, hərarət kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb. Bəzi hallarda bunun COVID-19-un yeni ştammı olduğu ilə bağlı iddialar səsləndirilir.
Bəs əhali arasında sürətlə yayılan hansı xəstəlikdir?
Məsələ ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, əhali arasında yayılan yeni növ virus deyil.
"Bu, mövsümi kəskin respirator viruslardan biridir. Sözügedən virus zökəm əlamətləri, boğaz ağrısı, öskürək, halsızlıq, hərarətlə müşayiət olunur. Qrip virusu kifayət qədər ağır gedən bir xəstəlikdir. Sadəcə, əhali arasında hər virusa qrip deyilir. Kəskin respirator viruslar var ki, onlarda heç hərarət də olmur, ancaq öskürək, yüngül burun axması ilə müşayiət edilir.
Bunlar qrip deyil, digər viruslardır, lakin hamısı bir qrupa daxildir. Bu viruslar yuxarı tənəffüs yollarının kəskin iltihabını törədirlər. İndi hazırda həm bu xəstəlik, həm də COVID-19 virusu var. Koronavirus hazırda daha yüngül gedir, nəinki qrip virusu. Əhali arasında yayılan kəskin respirator viruslardan və ya COVID-19-dan biridir. Lakin ən ağır gedən isə qripdir", - deyə o bildirib. (trend)