Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir.
TƏBİB-dən Xezerxeber.az-a verilən xəbərə görə, hər birinin vəziyyəti, müalicə və müayinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabeli tibb müəssisələrinin aparıcı mütəxəssislərinin nəzarətindədir.
Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumilikdə 8-i bu gün tam sağlam şəkildə evə yazılıb.
Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir.
Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir.
Uşaqlardan 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.
Qeyd edək ki, TƏBİB-in aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə Respublika Perinatal Mərkəzinin müalicə həkimləri və mütəxəssisləri də təxliyə olunanların müalicə aldığı tibb müəssisələrinin həkimləri ilə birgə çalışırlar.