Xəzər Xəbər

ABŞ-nin bir sıra ştatlarından quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Cəmiyyət | 17:42 • 6 Dekabr 2023
ABŞ-nin bir sıra ştatlarından quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Ohayo, Merilend, Viskonsin və Corciya ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Xezerxeber.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Ohayo, Merilend, Viskonsin və Corciya ştatlarında, xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Xəbər lenti