Xəzər Xəbər

Azərbaycanda müşahidə olunan isti havanın səbəbi açıqlanıb

Cəmiyyət | 16:06 • 4 Dekabr 2023
Azərbaycanda müşahidə olunan isti havanın səbəbi açıqlanıb

Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur. Bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır.

Xezerxeber.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq, çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub. Mülayim hava şəraiti dekabrın 4-də də müşahidə olunur.

“Dekabrın 5-i səhərdən ölkə ərazisində havanın dəyişəcəyi, Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir. 6-sı axşamdan 7-si axşamadək isə arabir yağış yağacağı ehtimal olunur. Bu da temperaturun bu günlərlə müqayisədə 3-5 dərəcə enməsinə səbəb olacaq”.

Xidmət rəisinin sözlərinə görə, bölgələrdə arabir güclənən qərb küləyi əsəcək, küləyin sürəti 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyə qədər güclənəcək. Dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Xəbər lenti