Peyvəndin tərkibindəki hər hansı bir komponentə allergiya yoxdursa, peyvənd tətbiq edilə bilər.
Xezerxeber.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
"Buna görə də mütləq həkimlə məsləhətləşdikdən sonra peyvənd tətbiq edilməlidir. Hamilələrə və allergiyalı şəxslərə əks-göstəriş ola bilər. Əgər uşaq yoluxubsa, kənara çıxmamalıdır. Həkim gəlib evdə müalicə etməlidir", - deyə o əlavə edib.
Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb: Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.
Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib.
Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb.