Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Xezerxeber.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 29 dekabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Ağdaş, Bakı-Şirvan və Sumqayıt-Quba istiqamətlərində 4 Lot üzrə yanvarın 9-da, Bakı-Şabran və Bakı-Qəbələ istiqamətlərində 4 Lot üzrə yanvarın 12-də, Bakı-Kürdəmir, Bakı-Ağcabədi və Bakı-Şamaxı istiqamətlərində 5 Lot üzrə yanvarın 16-da, Qusar-Xudat, Laçın şəhəri-Zabux kəndi, eləcə də paytaxtın 167, 186 və 196 nömrəli avtobus marşrutları üzrə 4 Lotda yanvarın 19-da, eləcə də 54, 217, 508 və 557 nömrəli müntəzəm avtobus marşrutları üzrə 4 Lotda yanvarın 23-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.