Səhiyyənin qarşısında duran əsas problemlərdən biri ana və uşaq ölümünün qarşısının alınmasıdır.
Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, bununla bağlı ölkəmizdə xeyli uğurlar qazanılsa da, hələ də inkişaf etmiş ölkələr səviyyəsində deyil.
“Problemləri araşdırsaq, görərik ki, səhiyyə işçilərindən çox şey asılı olduğu kimi, insanların da özlərindən asılıdır. Vaxtında hamiləlik dövründə müayinələrə getməmək, səhiyyə gigiyenasının olmaması, erkən nikahlar və s. uşaq və qadın ölümlərini artırır”, - deyə o əlavə edib.
Ə.Əmiraslanov bildirib ki, bu sahədə görüləcək işlər var.
“Burada insanlar özləri də diqqətli olmalıdır, vaxtında müayinələrdən keçməlidir. Biz ana və uşaqların qorunması istiqamətində qanunvericiliyin hazırlanmasında əlimizdən gələni edəcəyik”, - deyə komitə sədri əlavə edib.