Xəzər Xəbər

Sertifikatlaşdırmadan keçmiş müəllimlərə sertifikat veriləcək

Cəmiyyət | 13:48 • 22 Noyabr 2023
Sertifikatlaşdırmadan keçmiş müəllimlərə sertifikat veriləcək

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə elektron sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.

Həmçinin Qərara əsasən, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir. Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdirilir.

Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:

- sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);

- təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;

- sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);

- təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;

- təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeçiliyi göstərilməklə) adı;

- təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;

- təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;

- təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;

- sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.

- sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.

Xəbər lenti