Xəzər Xəbər

Ağalıya köç edən ailələrə mənzillərin açarı TƏQDİM EDİLDİ

Cəmiyyət | 18:35 • 26 Oktyabr 2023
Ağalıya köç edən ailələrə mənzillərin açarı

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 95 nəfərdən ibarət 17 ailənin növbəti köçü baş tutub.

Xezerxeber.az bu barədə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Bildirilib ki, Bakıdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bugünədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 150 ailə, 744 nəfər köçürülüb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülən əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Həmçinin, bu həftənin şənbə günü – 28 oktyabr tarixində də Ağalı kəndinə növbəti köç baş tutacaq. Bu dəfə isə 24 ailə öz doğma yurdlarına geri qayıdacaq.

Xəbər lenti

Çox oxunanlar