Xəzər Xəbər

219 nömrəli evdə təhsil məktəbi BAĞLANIB? AÇIQLAMA

Cəmiyyət | 18:10 • 25 Oktyabr 2023
219 nömrəli evdə təhsil məktəbi BAĞLANIB?

Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 219 nömrəli evdə təhsil məktəbinin bağlanması haqqında məlumatlar yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəb fəaliyyətini davam etdirsə də, evdə təhsilə cəlb olunmuş uşaqların cəmiyyətə adaptasiyası, onlara psixoloji xidmətin göstərilməsi məqsədilə uşaqların yaşayış yerlərinə yaxın məktəb vasitəsilə evdə təhsilə cəlb olunması işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur:

“İlk olaraq 219 nömrəli evdə təhsil məktəbinə sağlamlıq imkanları məhdud yeni uşaqların yönləndirilməməsi, məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin isə öz məktəblərində evdə təhsillərini davam etdirməsi nəzərdə tutulur. Dərs saatları azalan müəllimlərə digər məktəblərdə uyğun dərs saatlarının verilməsi təmin olunur. Uşaqların müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün köməkliklər göstərilir.

Növbəti mərhələdə 2024-2025-ci tədris ilindən etibarən qeyd olunan sağlamlıq imkanları məhdud şagirdlərin yaşayış yerlərinə yaxın məktəblər vasitəsilə evdə təhsillərini davam etdirməsi məsələsinə baxıldıqdan sonra şagirdlər daha keyfiyyətli təhsillə təmin olunacaq. Pedaqoji kollektiv üzvləri də fəaliyyətlərini davam etdirəcəklər”.

Qeyd edilib ki, 219 nömrəli evdə təhsil məktəbinin kollektivi ilə görüşdə bu məqamlar və qanunauyğun proseslər diqqətə çatdırılıb:

“Evdə təhsil alan uşaqların sağlamlıq durumları imkan verdiyi halda inklüziv təhsilə cəlb edilməsi də qarşıda duran məsələlərdəndir”. (apa)

Xəbər lenti

Çox oxunanlar