“Aviasiya haqqında” yeni qanunun qəbul edilməsi vətəndaşlarımıza daha ucuz aviabiletlərlə uçuşlar həyata keçirməsinə imkan verəcəyi gözlənilir.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, “Aviasiya haqqında” yeni qanun layihəsinə əsasən tələblər konkretləşdirilir, eyni zamanda elektron xidmətlərdən daha çox istifadə edilməsi nəzərdə tutulur.
“O cümlədən hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi artıq qanuna daxil edilib. Bu da təbii ki, prosedurların sadələşdirilməsinə imkan yaradacaq. Gözləntilər ondan ibarətdir ki, “Aviasiya haqqında” qanunun qəbul edilməsi bütövlükdə aviasiya xidməti göstərən şirkətlərin elektron və daha çevik alətlərdən istifadə etməsinə və onların xərclərinin azalmasına gətirib çıxaracaq.
Bu baxımdan gözlənti ondan ibarətdir ki, aviabiletlərin qiymətlərinin optimallaşdırılması və ucuzlaşması reallaşa bilər. Digər tərəfdən isə bu qanunun qəbul edilməsindən sonra həm milli aviaşirkət, həm də digər şirkətlər tərəfindən daha çox kampaniya çərçivəsində ucuz biletlərin təklif ediləcəyi gözlənilir.
Yəni elektronlaşma və tələblərin sadələşdirilməsi aviaşirkətlər tərəfindən daha çox kampaniyaların keçirilməsinə imkan verəcək ki, bu da vətəndaşlarımızın nisbətən aşağı qiymətə, o cümlədən Avropa ölkələrinə ucuz biletlər ala bilmələrinə şərait yaradacaq.
Çünki əvvəlki dövrlərdə kampaniyalar daha çox qonşu ölkələrə, xüsusilə Türkiyəyə uçan reyslərlə bağlı idi, amma gözlənti ondan ibarətdir ki, yeni qanunun qəbulundan sonra kampaniyalar daha geniş coğrafiyanı əhatə edəcək və imkan verəcək ki, vətəndaşlarımız ucuz biletlərlə Avropa ölkələrinə uçuşlar həyata keçirə bilsinlər”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, “Aviasiya haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. (trend)