Xəzər Xəbər

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verir YENİLƏNİB - 5

Cəmiyyət | 14:59 • 17 Oktyabr 2023
Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verir

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəməsi fasilədən sonra davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, fasilədən sonda prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Şakir Qonaqov dindirilib.

O bildirib ki, qardaşı Musa Qonaqov Meşəli kəndində şəhid olub: "Könüllü kimi oralarda xidmət edirdi. Hadisələr baş verəndən 3 gün sonra nəşi bizə verildi, həmin gecə dəfn elədik. Döyüş yoldaşları deyir ki, sona qədər vuruşub, son gülləsi ilə özünü öldürüb. Lakin nəşinin üstündə güllə izləri çox idi. Demək ki, şəhid olmuş qardaşımın nəşinə də güllə vurublar. Vaqif Xaçatryna ən ağır cəza verilsin. Güllələmək lazımdır. Bunlar Azərbaycanın çörəyini yeyiblər, qudurublar".

Daha sonra zərərçəkmiş Arzu Qasımova qeyd edib ki, hadisələr vaxtı 25 yaşı olub: "Allah bunların cəzasını versin, indi ordakıları danışmaq belə bizə çətindir. Ağır cəza verin. Bunların körpələrimizə, qadınlarımıza yazığı gəlmədi. Meşəli hadisəsindən 3 gün əvvəl atam balaca bacımla məni Laçına aparıb qoymuşdu. Atam Meşəli hadisələrdə şəhid olub, anam ağır yaralı olub. Yaralı halda anam meşənin içiylə gedib. Onun qanının izi ilə cammat yolu tapıb kənddən çıxmışdı".

Prosesdə zərərçəkən Süleyman Mahmudov da ifadə verib.

O deyib Vaqif Xaçatryanın qardaşından danışıb: "Orada bizə səsgücləndirici ilə bunun qardaşı Armaris müraciət edirdi. Deyirdi ki, kəndi boşaldın, mühasirədəsiz. Lakin onlar hər tərəfi tuta bilməmişdi. Biz qocaları, qadınları, uşaqları yerbəyər edib, döyüşə girdik. Silah tapıb onlarla atışmaya başladıq. Bizi pulemyotla vurdular. Anam, bacımın uşağı, əmim oğlu, xalam oğlu şəhid oldu. Kənd camaatından eşitdim ki, hücum edən şəxslərdən biri Vaqif olub. Vaqif və vaqifkimilər yedikləri qaba tüpürənlərdir.

Bir şeyi anlamırdım ki, bunlar niyə belə etdilər? Normal yaşayırdıq, 1988-ci ildən sonar bunlar insanlıqdan çıxdılar".

Təqsirləndirilən bir daha hadisələr zamanı Meşəli kəndində olmadığını idda edib.

Zərərçəkən Sadiq Hacıyev isə bildirib ki, o vaxtlar cəmi bir dəfə Vaqifi görüb: "Mən hərbi xidmətdən yeni qayıdıb, polisə düzəlmişdim. Hadisə günü yaralılar oldu. Biz təcili yardım maşını ilə Ramil Kazımovla çıxdıq. 2 kilometr yol getmisdik,“saxla” dedilər. Ramil dedi ki, bizə “saxla” əmrini verən Vaqifdir. Ramil maşını saxlayanda onu vurdular, yaralı halda maşını çıxartdı. Qabaqda sükana mən keçdim və onu Şuşaya qədər apardım. Ermənilərdən özləri deyir di ki, Ramilə atan Vaqifdir".

13:55

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezin cinayət işi üzrə məhkəmədə zərərçəkənlər ifadə verib.

Xezerxeber.az-ın xəbərinə görə, onlar ermənilər tərəfindən işgəncə və təhqirə məruz qaldıqlarını bildiriblər.

Prosesdə fasilə elan edilib.

12:42

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezin cinayət işi üzrə oktyabrın 17-də növbəti məhkəmə iclası davam etdirilir.

Xezerxeber.az-ın xəbərinə görə, məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.

Zərərçəkənlər Vaqif Xaçatryanın ömürlük həbs olunmasını tələb ediblər.

Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir.

10:35

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Xezerxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryan vəkili Natiq Bəybalayevdən imtina edib. Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib.

Vaqif Xaçatryan yeni vəkilinin hüququ yardımından istifadə edəcək.

10:05

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi başlayıb.

Xezerxeber.az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

09:20

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək. 

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının elan edəcəyi gözlənilir. 

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Xəbər lenti

Çox oxunanlar