Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şüşün kənd sakini, əvvəllər məhkum olunmuş Baxış Sadıqov saxlanılıb.
Dindirilmə zamanı B.Sadıqov narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.