DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.
BDYPİ-dən Xezerxeber.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücülərinin iştirakı ilə baş verən qəzaların sayında artım müşahidə edilir.
Belə ki, cari ilin 8 ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1565 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 12 nəfər hayatını itirib, 23 nəfər isə xəsarət alıb.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də, dövlət qeydiyyat nişanını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz halda sərnişin avtobuslarını idarə edən, nəqliyyat vasitəsini alkoqoldan, naktotik vasitələrdən psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək sərxoş vəziyyətdə sükan arxasına əyləşərək idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına səbəb olur.
Bir daha sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə bildiririk ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri həyata keçiriləcək.
Bununla yanaşı sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbirli və təmkinli olmağa çağırırıq".