Bakıda və Abşeron yarımadasında sentyabrın 11-i axşamdan 13-ü gündüzədək arabir yağış yağacağı gözlənilir.
Xezerxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 12-dən 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur zonası) yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.