Bankların tranzaksiya faizinin yüksək olması insanları incidir, 1,5-2% çoxdur.
Bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
Deputat banklarda standart tranzaksiya faizinin 0,5% olmasını təklif edib: “Düzdür, bu, müəyyən bankların mənafeyinə dəyəcək. Regionda hər bankın bankomat qoymağına nə ehtiyac var?!”.
“Exchange”lərin açılması ilə bağlı nə edək? Necə edək ki, onların regionlarda sayı artsın? Başa düşürəm, valyuta dəyişmələri bankların nəzarətində olmalıdır, nəzarət olmalıdır. Ancaq regionlarda qara bazar var, onun qarşısını almaq üçün “exchange”lərin sayı artmalıdır. Digər tərəfdən şənbə-bazar işləməyən banklarda turist valyutanı necə dəyişsin? Ödəniş üçün dollar verəndə obyektlər geri qaytarırlar”, - deyə Rüfət Quliyev vurğulayıb.
Deputat inflyasiyaya və Mərkəzi Bankın monetar siyasətinə də toxunub: “Monetar siyasətlə inflyasiyanın qarşısını ala bilməyəcəyik. Ötən il real inflyasiya 19,9%-ə çatmışdı, indi düşüb”. (APA)